Filipp Lam: “Böyük tədbirlər demokratik ölkələrdə keçirilməlidir”

Almaniya yığmasının keçmiş müdafiəçisi Filipp Lam 2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatı haqda fikrini bildirib.

Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, Lam həmçinin yarışın keçirilmə məkanı üçün səsvermə sistemi haqda fikrini açıqlayıb:

“Nəhəng tədriblərin demokratik ölkələrdə keçirilməsi vacibdir. Məkanın seçilmə üsulu belə idi ki, iki dünya çempionatı eyni vaxtda bir səsvermədə seçilirdi. 2030-cu il dünya çempionatı və 2034-cü il dünya çempionatına səs verə bilməzdin, hər ikisinə “bəli” və ya “xeyr” deməli idin. Nəsə düzgün ola bilməz”, deyə Filipp Lam vurğulayıb.

Xatırladaq ki, dekabrın 11-də FIFA 2034-cü il futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçiriləcəyini rəsmən açıqlayıb.

Əlavə edək ki, Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə pozuntulara görə insan haqları üzrə dəstələr tərəfindən geniş surtədə tənqid edilir. Bu dəstələr həm də ölkəni öz simasını yaxşılaşdırmaq üçün idman tədbirlərindən istifadə etməkdə təqsirləndirirlər ki, bu da “idman yuyulması” adlanır.