Filipp Maks “Ayntraxt”da qalacaq – Rəsmi

Almaniyanın “Ayntraxt” klubunun Niderlandın PSV komandasından icarəyə götürdüyü Filipp Maks Frankfurt təmsilçisində qalacaq.

Arena.az xəbər verir ki, Bundesliqa klubu onun transfer hüquqlarını da alıb.

Bu barədə frankfurtlular rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Filipp bu ilin yanvar ayında satınalma şərti ilə icarəyə götürülmüşdü. Almaniya klubu məhz müqavilədəki bu maddəni aktivləşdirərək futbolçunun transfer hüquqlarını da alıb. Bunun üçün Eyndhoven klubuna 1.90 milyon avro ödənilib. 29 yaşlı futbolçu ilə müqavilə isə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub.

Xatırladaq ki, sol cinah müdafiəçisi olan Filipp Maks yanvardan bəri “Ayntraxt”da 13 oyuna çıxıb. O, bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Maks “Şalke”nin yetirməsidir. O, ölkəsində “Karlsrue” və “Auqsburq”un da formasını geyinib. PSV-yə 2020-ci ildə transfer olunan futbolçu bu komandada 117 oyuna çıxıb, 8 qol və 20 məhsuldar ötürmə müəllifi olub. O, Almaniya yığmasında da 3 oyun keçirib.