“Fiorentina” baş direktor Cüzeppe Baronenin ölümü ilə bağlı vəziyyət haqda prezident Rokko Komissonun adından rəsmi açıqlama yayıb.
Arena.az Florensiya klubunun rəsmi saytına istinadən məlumat verir ki, klub rəhbəri boş qalan vəzifəyə 66 yaşlı mütəxəssis Alessandro Ferrarinin təyin edildiyini açıqlayıb:
“Hər şeyi və hər kəsi bilən, hər gün məni hər şeydən xəbərdar edən bir insan olmadan bizim üçün çətin olacaq. Alessandro baş direktor olur, Daniele (Prade) isə idman direktoru vəzifəsini davam etdirəcək. Bunlar bizim işə başladığımızdan bəri tanıdığım və indi daha böyük məsuliyyət daşıyacaq insanlardır. Onlar mənim tam dəstəyim və köməyimlə işləyəcəklər. Onlar nəinki çox və yaxşı işləməli, həm də ahəngdar hərəkət etməli olacaqlar”, deyə “Fiorentina”nın prezidenti Rokko Komisso bildirib.
Xatırladaq ki, “Fiorentina”nın sabiq baş direktoru Cüzeppe Barone “bənövşələr”in İtaliya A Seriyasının 29-cu turunun “Atalanta” ilə oyunu günü, martın 17-də özünü pis hiss edib. 57 yaşlı mütəxəssis elə həmin gün “San Raffaele Klinikası”nda xəstəxanaya yerləşdirilib. O, daha sonra ürəyindən əməliyyat edilib, amma iki gün sonra dünyasını dəyişib.