“Fiorentina” Bovenin səhhəti haqda rəsmi bəyanat yaydı

“Fiorentina” “bənövşələr”in “Roma”dan icarəyə götürdüyü yarımmüdafiəçisi Edoardo Bovenin səhhəti haqda rəsmi bəyanat verib.

Arena.az xatırladır ki, Bove İtaliya A Seriyasının 14-cü turunda “İnter”lə “Artemio Franki”də keçirilmiş oyunda (0:0) 16-cı dəqiqədə huşunu itirərək, ot örtüyü üzərində sərilmiş və dərhal xəstəxanaya təxliyə edilmişdi:

“İnter”lə oyunda huşunu itirərək meydanda xilas edilmiş futbolçu Edoardo Bove hazırda farmakoloji sedativ preparatların təsiri altında reanimasiyadadır. Təcili yardım şöbəsində futbolçunun vəziyyəti sabitləşib, aparılmiş ilk ürək və nevroloji müayinələr mərkəzi sinir sistemi və ürək-tənəffüs sisteminin kəskin zədələnməsini istisna edib. Edoardo Bove yaxın 24 saat ərzində yenidən müayinə ediləcək”, – “bənövşələr”in rəsmi bəyanatında deyilir.

Florensiya klubunun prezidenti Rokko Komiso isə Edoardo Boveyə şəxsən mənəvi dəstək nümayiş etdirib:

“Duruş gətir, Edoardo, biz səninləyək. Sən güclü oğlansan, xasiyyət sahibisən. Biz sənə görə narahatıq və bu çətin anlarda ailənə dəstəyimizi ifadə edirik”, deyə Komiso vurğulayıb.

Xatırladaq ki, Bovenin başına gəlmiş xoşagəlməz hadisə nəticəsində “Fiorentina” – “İnter” oyununun italyan baş hakimi Daniele Doveri görüşü təxirə salıb. Oyun haqda müvafiq qərar İtaliya A Seriyanın rəbərliyi tərəfindən tezliklə açıqlanacaq.

Bu arada, yarımmüdafiəçi Bovenin transfer hüquqlarının sahibi “Roma” futbolçusuna mənəvi dəstəyini nümayiş etdirib: “Sən bizdən birisən, hamımız səninləyək. İrəli, “Edo”!”, – “canavarlar”ın mətbuat xidməti “Roma”nın rəsmi “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Mərkəz yarımmüdafiəçisi Edoardo Bove “Roma”nın məzunudur və 2024-cü ilin avqustundan “Fiorentina”da icarə müaviləsi əsasında çıxış edir. “Bənövşələr” icarə haqqı olaraq “canavarlar”a 1,5 milyon avro məbləğində ödəniş ediblər. Bove 2024/2025-ci illər mövsümünün sonuna qədər “Fiorentina”nın uğurları üçün çalışacaq.
Cari mövsümdə Bove “Fiorentina” üçün bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.

Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 komandalarına cəlb edilib, “skuadra adzurra”nın əsas yığmasında isə hələ debüt etməyib.

Bove “Roma” ilə Avropa Konfrans Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bovenin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.