İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Florensiya təmsilçisi Almaniyanın “Herta” klubunun polşalı hücumçusu Kşiştof Pyonteki icarəyə götürüb.
Bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu satınalma şərti ilə bu mövsümün sonuna qədər icarəyə götürülüb. O, yeni komandasında “19” nömrəli formanı geyinəcək.
Pyontek ötən ilin əvvəlində 24 milyon avro qarşılığında “Milan”dan “Herta”ya transfer olunmuşdu. O, bu mövsüm Bundesliqa təmsilçisində meydana çıxdığı 9 oyunda cəmi 1 qol vura bilib.
Polşa yığmasının üzvü 2018/19 mövsümündə İtaliyanın “Cenoa” klubunda forma geyinib. O, bu komandada meydana çıxdığı 21 matçda 20 qol vurub. Elə həmin mövsümün qış fasiləsində “Milan” bu hücumçunu 35 milyon avro qarşılığında heyətinə qatmışdı. Lakin sözügedən klubda ümidləri doğrulda bilmədiyi üçün 2020-ci ilin yanvarında “Herta”ya satılmışdı.