Firmino, Milner və daha iki futbolçu “Liverpul”dan ayrılır – Rəsmi

“Liverpul” mövsümün sonunda Roberto Firmino, Ceyms Milner, Nəbi Keyta və Aleks Oksleyd-Çemberlenlə yollarını ayıracaq. Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, müqavilələrinin müddəti başa çatmaqda olan bu futbolçularla yeni sözləşmə imzalanmayacaq. Premyer Liqa nəhəngi bu həftə “Aston Villa”ya qarşı keçiriləcək ev oyununda bu dörd oyunçu üçün vida mərasimi təşkil olunacağını açıqlayıb. Çünki bu, onların “Enfild” stadionundakı sonuncu ev oyunları olacaq. Premyer Liqanın 37-ci turu çərçivəsində baş tutacaq “Aston Villa” ilə qarşılaşma mayın 20-də keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, adları çəkilən oyunçular Yurgen Kloppun rəhbərliyi altında 2019-cu ildə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klublararası Dünya çempionatını qazanıblar. Onlar 30 il sonra – 2019/20 mövsümündə qalibi olduqları Premyer Liqa çempionluğunda da xüsusi pay sahiblərindəndirlər.

“Məzun”ların “Liverpul” karyerası rəqəmlərdə

Ceyms Milner 2015-ci ildə “Mançester Siti”dən azad agent kimi ayrılaraq “Liverpul”a üz tutmuşdu. İngilis yarımmüdafiəçi bu komandada 330 matç keçirib, 26 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb. 37 yaşlı oyunçu “Mançester Siti” (203 oyun, 19 qol, 44 asist), “Nyukasl” (136 oyun, 11 qol, 19 asist), “Aston Villa” (126 oyun, 22 qol, 26 asist), “Lids” (53 oyun, 5 qol, 1 asist), “Suindon Taun” (6 oyun, 2 qol) kimi klubların da uğurları üçün çalışıb. O, İngiltərə millisində 61 oyuna çıxıb, 1 qol vurub.

Roberto Firmino 2015-ci ilin iyul ayında Almaniyanın “Hoffenhaym” klubundan 41 milyon avroya “Liverpul”a keçmişdi. Braziliyadan olan 31 yaşlı forvard “qırmızılar”ın heyətində 360 oyuna 109 qol vurub, 79 məhsuldar ötürmə verib. O, daha öncə “Hoffenhaym” (153 oyun, 49 qol, 36 asist) və “Fiqeyrense”də (38 oyun, 8 qol) çıxış edib. Hücumçu Braziliya yığmasında da 55 oyuna 17 qolla yadda qalıb.

Aleks Oksleyd-Çemberlen 2017-ci ilin avqustunda “Arsenal”dan 38 milyon avro qarşılığında “Liverpul”a keçmişdi. İngiltərə millisinin də üzvü olan 29 yaşlı yarımmüdafiəçi bu klubda 146 oyuna 18 qol və 15 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Arsenal” (198 oyun, 20 qol, 32 asist) və “Sauthempton”da (43 oyun, 10 qol və 9 asist) da çıxış edib. Aleks İngiltərə millisində 35 oyuna çıxıb, 7 qol vurub.

Nəbi Keyta 2018-ci ilin iyul ayında Almaniyanın “Leypsiq” klubundan 60 milyon avroya Premyer Liqa təmsilçisinə üz tutmuşdu. Qvineyadan olan 28 yaşlı yarımmüdafiəçi İngiltərə nəhəngində 129 oyun keçirib, 11 qol vurub, 7 məhsuldar qol ötürməsi edib. O, əvvəllər “Zalsburq” (81 oyun, 20 qol, 11 məhsuldar ötürmə), “Leypsiq” (71 oyun, 17 qol, 15 asist) və “İstr” (24 oyun, 4 qol, 9 asist) klublarında da forma geyinib. Dayaq yarımmüdafiəçisi Qvineya millisində də 50 matç keçirib, 11 qola imza atıb.