“Flamenqo” futbol tarixinə düşdü – 13000 qola çatmış ilk klub!

Braziliyanın ən məşhur klublarından olan, Rio-de-Janeyro təmsilçisi “Flamenqo” futbol tarixində 13000-ci qolunu vuraraq ilkə imza atıb.

Arena.az bu barədə “Gazeta do Urubu” dərgisinə istinadən məlumat verir.

Sözügedən komanda bu nailiyyətinə Karioka Çempionatının (A Seriyası) final görüşünün “Novo-İquasu” (Rio-de-Janeyro) ilə məşhur “Marakana”da keçirilmiş ilk oyununda imza atıb (şərti olaraq səfərdə). “Flamenqo”nun 3:0 hesabı ilə qələbə qazandığı oyunda 2-ci qolu vurmuş braziliyalı mərkəz-hücumçusu Pedro adını klub tarixinə 13000-ci qolunun müəllifi olaraq yazıb (53-cü dəqiqə). Pedro buna qədər komandasının ilk qolunu penaltidən gerçəkləşdirib (20-ci dəqiqə), daha bir qolu isə “Novo-İquasu”nun braziliyalı dayaq yarımmüdafiəçisi Ronald dos Santos Silva öz qapısından keçirib (80-ci dəqiqə).

Komandalar arasında cavab oyunu aprelin 7-də eynilə “Marakana”da keçiriləcək.

“Flamenqo” 1895-ci ildə reqata klubu olaraq təsis edilib və bir müddət bu adı altında futbol yarışlarında çıxış edib. 1911-ci ildə isə klubun adı saxlanılmaqla, futbol şöbəsi yaradılıb. Bu komanda Braziliyanın xalq klubu kimi məşhurdur və “Menqan”, “Urubu” (kərkəs) və ya “Fla” deyə tanınır. “Flamenqo” Braziliyanın ən adlı-santı və titullu klublarından biridir. Əbəs deyil ki, məhz qazandığı qənimətlərin çoxluğu mənzərəində “Fla” bu qədər çox qol vurmağa nail olub.

“Flamenqo”nun qənimətlər muzeyində ölkədaxili 7 Braziliya A Seriyası çempionluğu, 4 Braziliya Kuboku, 2 Braziliya Super Kuboku, Çempionlar Kuboku var. Qitə miqyasında “Flamenqo” 3 Livertadores Kuboku, 1 Cənubiamerikan Rekopası, 1 Merkosur Kuboku, 1 Qızıl Kubok qazanıb, həmçinin 1 dəfə Qitələrarası Kubokda qalib gələrək, dünyanın ən güclü klubu olub. “Flamenqo” Rio-de-Janeyro ştatı çempionatında (Karioka) 37 dəfə zəfər qazanıb, həmçinin ştatlararsı Rio-San-Paulu turnirində və “Rio-San-Paulu ştatlarının Çempionlarının Camı”nda qalibiyyət əldə edib. Bununla yanaşı “Fla” müxtəlif yerli əhəmiyyətli yarışlarda çoxsaylı qənimətlərə sahibdir. Bunlardan ən məşhuru Quanabara Kubokudur ki, “Flamenqo” bu qəniməti 24 dəfə muzeyinə aparıb.

Tarixi qolun vurulduğu məqamı əks etdirən videoicmalı təqdim edirik: