Flik “Bayern”lə matçdakı darmadağından və Rafinyadan danışdı

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Bayern”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, İspaniya və Almaniya nəhəngləri arasında Kataloniyada baş tutan oyun “Barselona”nın 4:1 hesablı qələbəsiylə yekunlaşıb.

Flik matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu, heyrətamizdir. “Bayern” fantastik oyunçulara malik böyük komandadır. Onların oyununu izləmək istəyirsən. Əlbəttə, belə oyunlarda qalib gəlsəniz, bunu qeyd etməlisiniz. Bu, şənbə günü “Real”la oyundan əvvəl, bizə inanmaq üçün özünəəminlik bəxş edir”, – “Marca” nəşri alman mütəxəssisdən sitat gətirir.

Hansi Flik “Bayern”lə matçda het-triklə fərqlənmiş “blauqrana”nın braziliyalı cinah hücumçusu Rafinya haqda da danışıb:

“Rafinya əla oyun keçirdi. Bizim bütün oyunçularımız keyfiyyətlidirlər, amma onun xüsusi keyfiyyəti var. Rafa yüksək səviyyəli oyunçudur. Futbol oynamaqdan həzz alır”, deyə alman mütəxəssis bildirib.

“Barselona”nın fransalı müdafiəçisi Jül Kunde də komandasının “Bayern”lə oyunu haqda danışıb. Fransalı futbolçunun bu barədə fikrini təqdim edirik:

“Belə qələbə qazanmaq əladır. UEFA Çempionlar Liqasında “Bayern” kimi güclü rəqiblərə qarşı möhtəşəm bir axşam! Sadəcə, möhtəşəm! Bu nəticə özünəinamı artırır”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3 turundan sonra “Barselona” 6 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Bayern” isə 3 xalla 24-cü yerdədir.

Xatırladaq ki, şənbə günü, oktyabrın 26-da “Barselona” İspaniya La Liqasının 11-ci turunun mərkəzi görüşü çərçivəsində keçiriləcək “el klasiko” oyununda “Santyaqo Bernabeu”da “Real”a “imtahan” verəcək.

Xəbəri istədiklərinizlə paylaşın