“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın polyak mərkəz hücumçusu Robert Levandovski ilə əməkdaşlığını şərh edib.
Arena.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Robert Levandovski komanda üçün təkcə meydanda deyil, paltardəyişmə otağında da önəmlidir. O, böyük təcrübəyə malik görkəmli oyunçudur. Hətta bu yaşında belə o, inanılmaz peşəkardır. Nə yaxşı ki, Robert komandamızdadır”, deyə Hansi Flik ulduz hücumçunun ünvanına tərif yağdırıb.
Xatırladaq ki, Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində Almaniya nəhəngi “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Levandovski hələ “Bayern”də olarkən də Flikin rəhbərliyi altında çıxış edib.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 5 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 100 oyun, 63 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 154 oyun keçirib, 84 qol vurub, 34 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.