“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın polyak mərkəz hücumçusu Robert Levandovskiyə öz iradını bildirib.
Arena.az “Sports.es” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssisin iradı polyak hücumçunun İspaniya La Liqasının 15-ci turunda “Las Palmas”la ev oyununda (1:2) fəaliyyəti ilə bağlı olub.
Mənbənin məlumatına görə, Flik dekabrın 2-də baş tutmuş məşqdən əvvəl, Levandovski ilə beş dəqiqəlik söhbət edib. O, “Las Palmas”a qarşı oyunda zəif çıxış etdiyi üçün polyak hücumçudan açıq surətdə iradını ifadə edib. Veterean hücumçunun baş məşqçisinin bu iradı ilə razılaşdığı vurğulanır.
Xatırladaq ki, bu ev məğlubiyyəti nəticəsində “Barselona” hələ də La Liqanın zirvəsində mövqeyini qorusa da, 1-ci pilləni şərti olaraq “Real”a təslim edib. Belə ki, “blauqrana” 15 oyundan 34 xalla zirvədə qalsa da, “qaymaqlılar” 14 oyundan 33 xalla şərti lider qismində üstünlük qazanıblar.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 20 oyuna çıxıb, 22 qol vurub və 2 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 115 oyun, 81 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


