“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın düşərgəsindəki işi ilə bağlı duyğularını paylaşıb.
Arena.az “Marca” nəşrinə istinadən, 60 yaşlı alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən komandada müvafiq imkanı gördüm. Oyunçularım daha da yaxşı olublar. Bu, qeyd-şərtsiz, ən əsasıdır. Müvafiq əminliklə hər şey mümkündür. Prezident (Joan Laporta – redaktorun qeydi) mənə məktub yazıb bildirdi ki, məsələ qələbədə deyil, necə oynamağımızda və hansı futbolu oynamağımızdadır. Mən həqiqətən xoşbəxtəm. Bu klub sadəcə ağlasığmazdır”, deyə alman məşqçi vurğulayıb.
Xatırladaq ki, Flik 2024-cü ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Çalışdırdığı müddətdə Hansi Flik “Barselona”nı 59 oyuna çıxarıb, 43 qələbə, 7 heç-heç, 9 məğlubiyyət yaşayıb. Topların fərqi isə 171:72 nisbətindədir.
Kataloniya təmsilçisi cari mövsümdə alman mütəxəssisin rəhbərliyi altında 3 qənimət qazanıb. “Barselona” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Flikin “Barselona”sı yalnız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” “Barselona”nın “aşının suyunu verib” (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).
Əlavə edək ki, daha əvvəl “Barselona”nın alman mütəxəssislə müqavilə müddətini uzadacağı haqda məlumat yayılıb.