Flik Madrid “Atletiko”suna məğlubiyyətə aydınlıq gətirdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının Madrid “Atletiko”su ilə 18-ci tur ev oyununu (1:2) şərh edib.

Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz əla oyun nümayiş etdirdik. Futbolçularımla çox fəxr edirəm, amma nəticədən çox məyus oldum. “Atletiko” öz fürsətini güdüb gözlədi və bu, onlar üçün kifayət etdi. Bizim üçün isə nəticə fərqlidir. Bu gün uduzmaq çox acı idi… Amma oyundan məmnunam”, deyə Hansi Flik bildirib.

“Barselona”nın baş məşqçisi komandasının İspaniya La Liqası çərçivəsində keçirilmiş ev oyunlarında aldığı ardıcıl üç məğlubiyyətdən ibarət silsilə haqda da danışıb:

“Ev oyunlarında 9 xal itirmək adi təzahür deyil. Bizə bunun üzərində işləmək gərəkdir”, deyə alman mütəxəssis vurğulayıb.

“Barselona”nın polyak ulduz hücumçusu Robert Levandovski də Madrid “Atletiko”suna ev məğlubiyyətini şərh edib:

“Biz yaxşı futbol oynadıq, amma fürsətlərinizi dəyərləndirməsəniz, nə qədər yaxşı oynamağınızın heç bir əhəmiyyəti yoxdur. Gözəl oynaya bilərsən, amma son toxunuş olmadan qol vurmaq çətinləşir və buna görə də biz məğlub olduq”, deyə Levandovski vurğulayıb.

Qələbə sayəsəində “Atletiko” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsindəki mövqeyini möhkəmləndirib. “Döşəkçilər” 18 oyundan 41 xal toplayıblar. “Barselona” isə 19 oyundan 38 xalla 2-ci pillədə qərarlaşıb.