“Barselona”nın alman baş məşqçisi Hansi Flik polyak qapıçı Voyçex Şesnının İspaniya klubuna keçidi ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Düşünürəm ki, “Barsa” üçün oynamaq, onun üçün böyük təcrübə olacaq. Hər hansı bir şübhəm olsaydı, buna yox deyərdim. Şesnı özü bizə “hə” dedi. Onu məşqdə görəcəyik. Onunla işləmək üçün vaxtımız var. Şadam ki, yeni oyunçumuz var, düşünürəm ki, Sesnı İnyaki Penyaya kömək edəcək. Daha çox imkanlarımız olacaq. Klubun qərarından razıyam”, deyə Flik vurğulayıb.
Alman mütəxəssis həmçinin polyak qapıçının idman forması haqda fikrini bildirib:
“O, təqaüdə çıxmaq istədiyini, amma çox yaxşı vəziyyətdə olduğunu mənə dedi. Onun təcrübəsinin və keyfiyyətlərinin komandamızda olması xoşdur. Onunla söhbət edəndə heyran oldum. O, gözəl insandır və mənə gərək olan kimi, bizə qoşulacağını söyləmişdi. Voyçex öz töhfəsini verəcək. Güclü xasiyyətə də malikdir. Amma o, hələ tam hazır deyil”.
Xatırladaq ki, bu yay futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlib.
Belə ki, “Barselona”nın əsas qapıçı Mark-Andre ter Ştegen ağır zədə alaraq cərrahi əməliyyat keçirib. Ter Ştegenin təxminən 7-8 aylığa sıradan çıxıb. Bu müddətdə iddialarını sürdürmək üçün “blauqrana” yüksək səviyyəli qapıçıya ehtiyac gördüyü üçün seçimini məhz Şesnı üzərində saxlayıb.
Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib. 2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb. Ötən mövsüm Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 30 qol quraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib.
Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.