“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın yeniyetmə ispaniyalı cinah hücumçusu Lamin Yamal haqda sualı cavablayıb.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Flik cavabında, qarşıdakı oyunların birində Yamala istirahət verməyəcəyi ilə bağlı fikrini əsaslandırıb.
Daha əvvəl Yamala İspaniya La Liqasının 7-ci turu çərçivəsində “Xetafe” ilə oyunda istirahət veriləcəyi haqda xəbərlər yayılmışdı.
“Bizim, ixtiyarımızda olan oyunçular haqqında bütün məlumatımız var, onun indi istirahətə ehtiyacı yoxdur. Baxarıq, amma sabah onun istirahətə ehtiyacı olacağını düşünmürəm. Güclü heyətlə oyuna çıxmalıyıq. Lamin bu mövsüm inanılmaz futbol oynayıb. Eyni ruhda da davam etməliyik”, deyə alman mütəxəssis fikrini əsaslandırıb.
“Barselona” – “Xetafe” oyunu bu gün, sentyabrın 25-də keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 7 oyuna 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 58 oyun, 11 qol və 14 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 16 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.