Florian Virts “Bayer”dəki gələcəyi haqda danışdı

Leverkuzen “Bayer”inin 20 yaşlı hücumameyilli yarımmüdafiəçisi Florian Virts Almaniya klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az alman futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Hazırda bütün diqqətimi milli komandaya yönəltmişəm. Sonra “Bayer” üçün daha çox planlarım var. Xabi Alonsonun bundan sonra nə edəcəyini bilmirəm, amma mənim gələcəyim bəllidir”, deyə Virts bildirib.

Xatırladaq ki, Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsemdə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 11 qol vurub, 17 məhsuldar ötürmə verib. O, bu komandada bütövlükdə 139 oyun keçirib, 34 qol vurub, 47 məhsuldar ötürmə müəllifi olub.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 14 oyuna çıxıb. O, bu oyunlarda 4 məhsuldar ötürmə ilə yadda qalıb. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Bayer” bu mövsüm Almaniya Bundesliqasında uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Komanda Bundesliqada 26 oyuna topladığı 70 xalla vahid liderdir. Leverkuzen təmsilçisinin uğurlu çıxışında əsas pay sahiblərindən biri olan Virts də baş məşqçi Xabi Alonso kimi, Avropanın aparıcı klublarının “radar”ındadır.