“Bayer”in alman hücumameylli yarımmüdafiəçisi Florian Virts Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
Virts Çempionlar Liqasının Liqa mərhələsinin “Zalsburq”la 5-ci tur ev oyununda (5:0) “əczaçılar”ın qələbəsinə 2 qol və 1 məhsuldar ötürmə ilə töhfəsini verib.
2-ci yeri Donetsk “Şaxtyor”u ilə oyunda (3:2) 2 qol vurmuş, “PSV Eyndhoven”in amerikan yarımmüdafiəçisi Malik Tillman tutub.
3-ü yerdə “Yanq Boyz”la oyunda (4:1) dübarə fərqlənmiş, “Atalanta”nın italyan hücumçusu Mateo Reteqi qərarlaşıb.
“Sparta” ilə oyunda Madrid “Atletiko”sunun 6:0 hesablı qələbəsinə iki qolla töhfə vermiş argentinalı hücumçu Xulian Alvares isə 4-cü olub.
Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib.
Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Virts cari mövsümdə “əczaçılar”ın heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə verib.
Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 171 oyun, 50 qol, 54 məhsuldar ötürmə.
Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.
Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı alman hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.