Folarin Baloqun “Arsenal”ı “Reyms”ə dəyişdi

İngiltərənin “Arsenal” klubunun hücumçusu Folarin Baloqun London təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, gənc futbolçu bundan sonra karyerasını Fransanın “Reyms” komandasında davam etdirəcək.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransa klubu ingilis hücumçunu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürüb.

Folarin Baloqun “topçular”ın yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında oynamağa başlayıb və meydana çıxdığı 10 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc hücumçu bu ilin əvvəlində “Midlsbro”ya da icarəyə verilmişdi. O, Çempionşip təmsilçisində 20 oyuna 3 qol vurub. Hücumçu İngiltərənin U-21 yığmasının da əsas üzvlərindən biridir.

“Arsenal” 18 yaşlı yarımmüdafiəçisi Çarli Patinonu da “Blekpul”a icarəyə verib. İngiltərənin U-19 yığmasının üzvü də qarşıdakı mövsümün sonuna kimi Çempionşip təmsilçisində forma geyinəcək. O, 2021-ci ildən cəlb olunmağa başladığı “Arsenal”ın əsas komandasında 2 oyuna çıxıb, 1 qol vurub.

Yeri gəlmişkən, “Reyms” Baloqunla yanaşı, Yaponiya yığmasının sağ cinah müdafiəçisi Junya İtonu da heyətinə qatıb. Belçikanın “Genk” klubundan transfer olunmuş 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Həm də vinger kimi oynamağı bacaran yapon müdafiəçi, 2019-cu ildən “Genk”də çıxış edirdi. O, bu komandada 143 oyuna 29 qol vurub. Yaponiya yığmasında 36 oyun keçirmiş İto, 9 qol da vurub.

Baloqun “Arsenal”da 29, İto isə 39 nömrəli formanı geyinəcək.