Fransanın “Lill” komandasının portuqal baş məşqçisi Paulo Fonseka “Benfika” və “Braqa”nı Rusiya klublarına futbolçu satmamağa səsləyib.
Arena.az xəbər verir ki, o, bu barədə özünün “Twitter” hesabında paylaşım edib:
“Bu həftə ərzində oxudum ki, “Benfika” və mənim “Braqa”m Şikinyo və Tormenanı Rusiya klublarına satmağı düşünürlər. İlk günlərdən Ukraynaya yardım edən “Benfika” və böyük ürəkli təəssübkeş insanların rəhbərlik etdiyi mənim “Braqa”m. Mən buna inanmaq istəmirəm, bunu etməkdən imtina edirəm.
İki həftə əvvəl Rusiya klubu Rojerionu almağa çalışıb, “Sassuolo”nun sol cinah müdafiəçisini. İtaliya klubu etik mülahizələrə görə danışıqlara girməkdən imtina edib. “Benfika”nı və mənim “Braqa”mı İtaliya klubundan nümunə götürməyə səsləyirəm”.
Xatırladaq ki, Fonsekanın Ukraynada iş təcrübəsi var. Portuqal mütəxəssis 2016-2019-cu illərdə Donetsk “Şaxtyor”unu uğurla çalışdırıb. Bundan başqa, o, “Roma”, “Braqa”, “Portu”nu da çalışdırıb. Portuqal mütəxəssis “Portu” ilə 2013-cü il Portuqaliya Super Kubokunu və “Braqa” ilə Portuqaliya Kubokunu (2015/2016) qazanıb. Məhz bu iki uğuru sayəsində Fonseka “Şaxtyor”la anlaşıb və Donetsk komandası ilə 3 dəfə Ukrayna Premyer Liqasını və eyni sayda Ukrayna Kubokunu qazanaraq, 2016/2017, 2017/2018, 2018/2019 mövsümlərində “qızıl dubl”a imza atıb, həmçinin 2017-ci ildə Ukrayna Super Kubokuna sahib olub. “Şaxtyor”u çalışdırdığı ilk mövsümdə – 2016/2017 mövsümündə hər üç milli turniri qazanmış Fonseka, həmin mövsümdə Ukrayna Premyer Liqasında da mövsümün ən yaxşı məşqçisi adına layiq görülüb.


