Formoz Mendi və Ayequn Tosin “Loryan”da – Rəsmi

Fransanın “Loryan” klubu heyətini iki yeni futbolçu – müdafiəçi Formoz Mendi və hücumçu Ayequn Tosinlə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Mendi “Amyen”dən, Tosin isə “Sürix”dən “Loryan”a transfer olub. Fransa klubu bu iki oyunçu üçün müvafiq olaraq 7,5 və 4 milyon avro təzminat ödəyib. Ayequn yeni klubu ilə 4, Formoz 5 illik müqaviləyə imza atıb.

Formoz Mendi 2021-ci ilin iyul ayından “Amyen”də forma geyinirdi. Seneqaldan olan 22 yaşlı mərkəz müdafiəçisi Fransa klubunda 68 oyun keçirib, 3 qol da vurub. O, ötən ildən formasını geyindiyi Seneqal yığmasında da 4 oyun keçirib.

Ayequn Tosin isə 2019-cu ilin sentyabrından “Sürix”in uğurları üçün çalışırdı. Nigeriyada dünyaya göz açsa da, Benin yığmasının formasını geyinən 25 yaşlı forvard İsveçrə klubunda 105 oyun keçirib, 35 qol və 9 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Latviyanın “Ventspils” klubunda da çıxış edib. Hücumçu Benin yığmasında 10 oyuna 3 qol vurub.

“Loryan”ın yeni transferlərindən Mendinin 13, Tosinin isə 27 nömrəli formanı geyinəcəyi açıqlanıb.