Formula 1: Azərbaycan qran-prisi apreldə keçiriləcək

Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümünün təqvimi açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytı məlumat yayıb.

Mövsüm martın 5-də Bəhreyn qran-prisi ilə start götürəcək və noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki yarışla başa çatacaq. Cari mövsümlə müqayisədə təqvimə 2 yeni yarış – Las-Veqas və Çin qran-priləri əlavə olunub. Beləliklə, 2023-cü ilin dünya çempionu 24 qran-prinin yekununda müəyyənləşəcək.

Azərbaycan qran-prisi mövsümün 5-ci yarışı olacaq. Bakıdakı yarış 28-30 apreldə təşkil ediləcək. Xatırladaq ki, daha əvvəl 2018-ci və 2019-cu il qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib. Bakı trasındakı son qran-pri bu il 10-12 iyunda gerçəkləşib. Yarışın qalibi “Red Bull”un Niderlanddan olan pilotu Maks Ferstappen olub.

Formula 1 üzrə 2023-cü il dünya çempionatının təqvimi

  1. Bəhreyn qran-prisi – 5 mart
  2. Səudiyyə Ərəbistanı qran-prisi – 19 mart
  3. Avstraliya qran-prisi – 2 aprel
  4. Çin qran-prisi – 16 aprel
  5. Azərbaycan qran-prisi – 30 aprel
  6. Mayami qran-prisi – 7 may
  7. Emilya-Romanya qran-prisi – 21 may
  8. Monako qran-prisi – 28 may
  9. İspaniya qran-prisi – 4 iyun
  10. Kanada qran-prisi – 18 iyun
  11. Avstriya qran-prisi – 2 iyul
  12. Böyük Britaniya qran-prisi – 9 iyul
  13. Macarıstan qran-prisi – 23 iyul
  14. Belçika qran-prisi – 30 iyul
  15. Niderland qran-prisi – 27 avqust
  16. İtaliya qran-prisi – 3 sentyabr
  17. Sinqapur qran-prisi – 17 sentyabr
  18. Yaponiya qran-prisi – 24 sentyabr
  19. Qətər qran-prisi – 8 oktyabr
  20. ABŞ qran-prisi – 22 oktyabr
  21. Meksika qran-prisi – 29 oktyabr
  22. Braziliya qran-prisi – 5 noyabr
  23. Las-Veqas qran-prisi – 18 noyabr
  24. Əbu-Dabi qran-prisi – 26 noyabr