Formula 1: Azərbaycan qran-prisinə start verildi

Bakıda Formula 1 üzrə Azərbaycan qran-prisinə start verilib. Arena.az xəbər verir ki, bu gün saat 15:00-da pilotlar ilk sərbəst yürüşə başlayıblar.

Test yürüşü bir saat davam edib. “Red Bull”un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.

Bu gün Azərbaycan qran-prisində ilk qəzalar da qeydə alınıb. “Haas” komandasında çıxış edən Mik Şumaxer uğursuzluqla üzləşib. 23 yaşlı pilotun bolidində maye sızması aşkarlanıb. Şumaxer bu səbəbdən test yürüşünü erkən dayandırmağa məcbur olub.

Birinci sərbəst yürüşdə “Uilyams”ın pilotu Nikolas Latifinin də bolidi sıradan çıxıb. 27 yaşlı sürücü avtomobilinin mühərrikində problem aşkarlandığı üşün test yürüşünə davam edə bilməyib.

Bu gün həm də Formula 2 üzrə Azərbaycan qran-prisinə start verilib. “Hitech Grand Prix” komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib. “Carlin”dən Liam Louson ikinci, Vipsin komanda yoldaşı Markus Armstronq isə üçüncü olub.

Azərbaycan qran-prisində ilk günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət, Formula 1-in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, Bakıda keçirilən 6-cı qran-pri iyunun 12-dək davam edəcək.

Formula 1-də “Red Bull” komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. “Ferrari”dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

Formula 2-də isə müvafiq sıraları “MP Motorsport”dan Felipe Druqoviç, “ART Grand Prix”dən Teo Purşer və “Prema Racing”dən Jehan Daruvala tutur.