Formula 1: Çempionluğun taleyi sonuncu qran-pridə müəyyənləşəcək

Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – Səudiyyə Ərəbistanı qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 21-ci mərhələsi də “Mersedes”in pilotu Luis Hamiltonun qələbəsiylə yekunlaşıb.

Britaniyalı pilot Ciddə şəhərindəki avtodromda keçirilən 50 dövrəlik yarışda 2:06:15.118 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdəki 8-ci, karyerasındakı 103-cü belə zəfərdir.

“Red Bull”un niderlandlı pilotu Maks Ferstappen bu dəfə də ikinci yerlə kifayətlənib. İlk “üçlüy”ü isə “Mersedes”in digər pilotu Valtteri Bottas qapayıb.

Bu yarış qəzalarla da bol olub. Belə ki, Hamilton liderlik uğrunda mübarizədə Ferstappenə hücum etdiyi vaxt niderlandlı pilot onu trasdan sıxışdırmağa çalışıb. Bundan sonra titullu idmançı rəqibi gözlənilmədən irəli buraxıb. Bu zaman Hamilton “Red Bull”un bolidini vurub və ona xəsarət yetirib. Bununla belə, britaniyalı sürücü niderlandlı pilotu keçməyi bacarıb. Yarış toqquşmalar səbəbindən iki dəfə dayandırılıb. Əvvəlcə “Haas”ın almaniyalı sürücüsü Mik Şumaxer yan səddə çırpılıb. Şumaxer cəmi 8 dövrə vurduqdan sonra yarışdan kənarda qalıb. Daha sonra “Red Bull”dan Serxio Peresin idarə etdiyi bolid “Ferrari” sürücüsü Şarl Leklerlə təmasdan sonra qəzaya düşüb. Peresin çevrilmiş maşınını görən “Uilyams” pilotu Corc Rassell dərhal əyləci basıb və ona arxadan rusiyalı sürücüsü Nikita Mazepinin “Haas”ı dəyib. Hər üç pilot maşınları ciddi xəsarət aldığı üçün 14-cü dövrədə mübarizəni dayandırıb. “Aston Martin”dən Sebastyan Fettel də mübarizəni 44-cü dövrədə dayandırmaq məcburiyyətində qalıb.

Çempion BƏƏ-də müəyyənləşəcək

Mövsümün geridə qalan 21 qran-prisinin yekununa əsasən, Maks Ferstappen hələ də turnir cədvəlində 369.5 xalla zirvədə qərarlaşıb. Artıq Luis Hamilton eyni xala malikdir. Lakin qələbə sayı daha çox olduğu üçün Ferstappen Hamiltondan öndə qərarlaşıb. İlk üçlüyü Hamiltonun komanda yoldaşı – 218 xala malik Valtteri Bottas qapayır.

Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 587.5 xal var. İkinci pillədəki “Red Bull”un isə 559.5 xalı var. 307.5 xalı olan “Ferrari” də üçüncü pillədə qərarlaşıb.

Formula 1 üzrə dünya çempionatında 2021 mövsümünün növbəti və sonuncu – 22-ci qran-prisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutacaq. Sözügedən qran-pri dekabrın 12-də keçiriləcək. Çempionluğun da taleyinə məhz həmin gün aydınlıq gələcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 369.5
  2. Luis Hamilton (Mersedes) – 369.5
  3. Valtteri Bottas (Mersedes) – 218
  4. Serxio Peres (Red Bull) – 190
  5. Şarl Lekler (Ferrari) – 158
  6. Lando Norris (Maklaren) – 154
  7. Karlos Sayns (Ferrari) – 149.5
  8. Daniel Rikkardo (Maklaren) – 115
  9. Pyer Qasli (Alfa Tauri) – 100
  10. Fernando Alonso (Alpine-Reno) – 77

Konstruktorların xal sıralaması:

  1. Mersedes – 587.5
  2. Red Bull – 559.5
  3. Ferrari – 307.5
  4. Maklaren-Mersedes – 269
  5. Alpine-Reno – 149
  6. Alfa Tauri-Honda – 120
  7. Aston Martin – 77
  8. Uilyams – 23
  9. Alfa Romeo – 13
  10. Haas-Ferrari – 0