Formula 1: Ferstappendən mövsümün 18-ci qələbəsi!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 21-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Amerika Birləşmiş Ştatlarında (Nevada) təşkil olunub.

Las Veqas qran-prisi də bu mövsüm çempionluğu təmin etmiş “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 50 dövrəlik yarışı 1:29:08.289 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 18-ci qələbəsidir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan, Belçika, Niderland, İtaliya, Yaponiya, Qətər, ABŞ, Meksika və Braziliya qran-prilərinin də qalibi olmuşdu.

Ferstappen bir mövsüm ərzində 18-ci qələbəsini qazanmaqla bu göstərici üzrə əvvəlki rekordunu da yeniləyib.

“Ferrari”nin üzvü Şarl Lekler Las Veqasdakı yarışda finiş xəttini ikinci keçib. İlk üçlüyü “Red Bull”un digər pilotu Serxio Peres tamamlayıb.

Beləliklə, bu mövsüm geridə qalan 21 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 549 xalla birinci, Serxio Peres isə 273 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 232 xala malik Luis Hamilton (“Mersedes”) qapayır.

Mühəndislər Kubokunda da “Red Bull” 822 xalla zirvədə qərarlaşıb. Xal hesabını 392-yə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Ferrari” isə 388 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti və eyni zamanda sonuncu qran-prisi Əbu Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) keçiriləcək. Sözügedən yarış noyabrın 26-da baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 549
  2. Serxio Peres (Red Bull) – 273
  3. Luis Hamilton (Mersedes) – 232
  4. Karlos Sayns (Ferrari) – 200
  5. Fernando Alonso (Aston Martin) – 200
  6. Lando Norris (Maklaren) – 195
  7. Şarl Lekler (Ferrari) – 198
  8. Corc Rassell (Mersedes) – 160
  9. Oskar Piastri (Maklaren) – 89
  10. Lens Stroll (Aston Martin) – 73
  11. Pyer Qasli (Alpine-Reno) – 62
  12. Esteban Okon (Alpine-Reno) – 58
  13. Aleksander Albon (Uilyams) – 27
  14. Yuki Tsunoda (Alfa Tauri) – 13
  15. Valtteri Bottas (Alfa Romeo) – 10
  16. Niko Hulkenberq (Haas) – 9
  17. Daniel Rikkardo (Alfa Tauri) – 6
  18. Jou Quanyu (Alfa Romeo) – 6
  19. Kevin Maqnussen (Haas) – 3
  20. Liam Louson (Alfa Tauri) – 2
  21. Loqan Sarcent (Uilyams) – 1
  22. Nik De Vris (Alfa Tauri) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 822
  2. Mersedes – 392
  3. Ferrari – 388
  4. Maklaren – 284
  5. Aston Martin – 273
  6. Alpin-Reno – 120
  7. Uilyams – 28
  8. Alfa Tauri – 21
  9. Alfa Romeo – 16
  10. Haas – 12