Formula 1: Macarıstanda da son çempion qalib gəldi

Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 13-cü qran-prisi baş tutub.

Modyorodda təşkil olunmuş Macarıstan qran-prisi sonuncu dünya çempionu, bu mövsümün lideri olan Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı sürücü 70 dövrəlik yarışda 1:39:35.912 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 8-ci belə zəfəridir.

“Mercedes”in təcrübəli pilotu, 7 qat dünya çempionu Luis Hamilton bu dəfə də yarışı 2-ci sırada bitirib. Onun komanda yoldaşı Corc Rassel isə 3-cü olub.

Beləliklə, 13 turdan sonra Maks Ferstappen 258 xalla liderliyini qoruyub. Şarl Lekler 178 xalla 2-ci sırada qalıbsa, Serxio Peres də 173 xalla 3-cü pillədəki mövqeyini qoruyub.

Konstruktorların mübarizəsində də “Red Bull” 431 xalla zirvədə qərarlaşıb. “Ferrari” 334 xalla ikincidir. İlk üçlüyü 304 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Belçikada keçiriləcək. Sözügedən yarış avqustun 28-də Stavelot şəhərində baş tutacaq.

Turnir cədvəli

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 258
  2. Şarl Lekler (Ferrari) – 178
  3. Serxio Peres (Red Bull) – 173
  4. Corc Rassell (Mersedes) – 158
  5. Karlos Sayns (Ferrari) – 156
  6. Luis Hamilton (Mersedes) – 146
  7. Lando Norris (Maklaren) – 76
  8. Esteban Okon (Alpine-Reno) – 58
  9. Valtteri Bottas (Alfa Romeo) – 46
  10. Fernando Alonso (Alpine-Reno) – 41
  11. Kevin Maqnussen (Haas) – 22
  12. Daniel Rikkardo (Maklaren) – 19
  13. Pyer Qasli (Alfa Tauri) – 16
  14. Sebastyan Fettel (Aston Martin) – 16
  15. Mik Şumaxer (Haas) – 12
  16. Yuki Tsunoda (Alfa Tauri) – 11
  17. Jou Quanyu (Alfa Romeo) – 5
  18. Lens Stroll (Aston Martin) – 4
  19. Aleksander Albon (Uilyams) – 3
  20. Nikolas Latifi (Uilyams) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 431
  2. Ferrari – 334
  3. Mersedes – 304
  4. Alpine-Reno – 99
  5. Maklaren – 95
  6. Alfa Romeo – 51
  7. Haas – 34
  8. Alfa Tauri – 27
  9. Aston Martin – 20
  10. Uilyams – 3