Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 18-ci qran-prisi baş tutub.
Suzukada təşkil olunmuş Yaponiya qran-prisi sonuncu dünya çempionu, bu mövsümün lideri olan Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. “Red Bull”un niderlandlı sürücüsü 28 dövrəlik yarışda 3:01:44.004 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 12-ci belə zəfəridir.
Ferstappenin komanda yoldaşı Serxio Peres ikinci olub. “Ferrari”dən Şarl Lekler isə üçüncü yerlə kifayətlənib. Buna onun 5 saniyəlik cəza alması da təsir göstərib.
Beləliklə, Maks Ferstappen 18 turdan sonra xallarının sayını 366-ya çatdırıb. Bu isə onun mövsümün qalan dörd qran-prisində xal qazanmasa belə, liderliyini qoruyacağı anlamına gəlir. Bununla da niderlandlı pilot karyerasında 2-ci çempionluğunu qazanıb. O, ötən mövsüm də çempion olmuşdu. Niderlandlı sürücü Luis Hamilton, Sebastyan Fettel, Fernando Alonso, Mixael Şumaxer, Mika Hakkinen, Aryton Senna, Alain Prost, Cek Brabham, Xuan Manuel Fangio və Alberto Asarinin ardından ardıcıl çempionluq sevinci yaşayan 11-ci pilot olub.
Pilotların turnir cədvəlində 253 xalı olan Serxio Peres ikinci, Şarl Lekler isə 252 xalla üçüncü sırada qərarlaşıb.
Konstruktorların mübarizəsində də “Red Bull” 619 xalla zirvədə qərarlaşıb. “Ferrari” 454 xalla ikincidir. İlk üçlüyü 387 xalı olan “Mersedes” qapayır.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi ABŞ-da keçiriləcək. Sözügedən yarış oktyabrın 23-də bu ölkənin Texas ştatının Austin şəhərində baş tutacaq.
Turnir cədvəli
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 366
- Serxio Peres (Red Bull) – 253
- Şarl Lekler (Ferrari) – 252
- Corc Rassell (Mersedes) – 207
- Karlos Sayns (Ferrari) – 202
- Luis Hamilton (Mersedes) – 180
- Lando Norris (Maklaren) – 101
- Esteban Okon (Alpine-Reno) – 78
- Fernando Alonso (Alpine-Reno) – 65
- Valtteri Bottas (Alfa Romeo) – 46
- Sebastyan Fettel (Aston Martin) – 32
- Daniel Rikkardo (Maklaren) – 29
- Pyer Qasli (Alfa Tauri) – 23
- Kevin Maqnussen (Haas) – 22
- Lens Stroll (Aston Martin) – 13
- Mik Şumaxer (Haas) – 12
- Yuki Tsunoda (Alfa Tauri) – 11
- Jou Quanyu (Alfa Romeo) – 6
- Aleksander Albon (Uilyams) – 4
- Nikolas Latifi (Uilyams) – 2
- Nik de Vris (Uilyams) – 2
- Niko Halkenberq (Uilyams) – 0
Konstruktorların xal sıralaması:
- Red Bull – 619
- Ferrari – 454
- Mersedes – 387
- Alpine-Reno – 143
- Maklaren – 130
- Alfa Romeo – 52
- Aston Martin – 45
- Haas – 34
- Alfa Tauri – 34
- Uilyams – 8