Formula 1: Maks Ferstappen yenə qələbələri sıralamağa başladı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 2-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Səudiyyə Ərəbəsitanında təşkil olunub.

Ciddə şəhərində keçirilən yarış ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 26 yaşlı pilot 50 dövrəlik yarışı 1:20:43.273 göstərici ilə ilk sırada bitirib. Bu, onun ardıcıl 9-cu, karyerasında isə 56-cı qələbəsidir.

“Red Bull”un digər üzvü Serxio Peres Ciddədə ikinci yeri tutub. “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü yerlə kifayətlənib.

“Ferrari”nin ispan pilotu kiçik Karlos Sayns yarışı buraxıb. Cümə günü məlum olub ki, idmançının appendiksini çıxarmaq üçün əməliyyat olunub. Onu 18 yaş 305 gündə Formula 1-də debüt edən britaniyalı Oliver Berman əvəzləyib.

Beləliklə, 2 turdan sonra 51 xala malik Maks Ferstappen vahid liderdir. Onun komanda yoldaşı Serxio Peres 36 xalla ikincidir. İlk üçlüyü 28 xala malik Şarl Lekler qapayır.

Mühəndislər Kubokunda da “Red Bull” 87 xalla vahid liderdir. “Ferrari” 49 xalla ikinci, “Maklaren” 28 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 3-cü qran-prisi Avstraliyada keçiriləcək. Sözügedən yarış martın 24-də Melbrun şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

1. Maks Ferstappen (Red Bull) – 51

2. Serxio Peres (Red Bull) – 36

3. Şarl Lekler (Ferrari) – 28

4. Corc Rassell (Mersedes) – 16

5. Oskar Piastri (Maklaren) – 16

6. Karlos Sayns (Ferrari) – 15

7. Fernando Alonso (Aston Martin) – 12

8. Lando Norris (Maklaren) – 12

9. Luis Hamilton (Mersedes) – 8

10. Oliver Berman (Ferrari) – 6

11. Niko Hulkenberq (Haas) – 1

12. Lens Stroll (Aston Martin) – 1

13. Aleksander Albon (Uilyams) – 0

14. Jou Quanyu (Zauber) – 0

15. Kevin Maqnussen (Haas) – 0

16. Daniel Rikkardo (Rasinq Bulls) – 0

17. Esteban Okon (Alpin) – 0

18. Yuki Tsunoda (Rasinq Bulls) – 0

19. Loqan Sarcent (Uilyams) – 0

20. Valtteri Bottas (Zauber) – 0

21. Pyer Qasli (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

1. Red Bull – 87

2. Ferrari – 49

3. Maklaren – 28

4. Mersedes – 26

5. Aston Martin – 13

6. Haas – 1

7. Uilyams – 0

8. Zauber – 0

9. Rasinq Bulls – 0

10. Alpin – 0