Formula 1: Qətər qran-prisinin qalibi bəlli oldu

Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – Qətər qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 20-ci mərhələsi “Mersedes”in pilotu Luis Hamiltonun qələbəsiylə yekunlaşıb.

Britaniyalı pilot Doha yaxınlığındakı “Lusail” avtodromunda keçirilən 57 dövrəlik yarışda 1:24:28.471 göstərici ilə birinci olub. O, yürüşə birinci mövqedən başlayıb və üstünlüyünü sonadək qoruyub. Bu, onun cari mövsümdəki 7-ci, karyerasındakı 102-ci belə zəfərdir.

“Red Bull”un niderlandlı pilotu Maks Ferstappen bu dəfə də ikinci yerlə kifayətlənib. İlk “üçlüy”ü isə “Alpine-Reno”nun pilotu Fernando Alonso qapayıb.

Mövsümün geridə qalan 20 qran-prisinin yekununa əsasən, Maks Ferstappen turnir cədvəlində 351.5 xalla zirvədə qərarlaşıb. Aradakı fərqi 8-ə endirən Luis Hamilton isə 343.5 xalla ikincidir. İlk üçlüyü Hamiltonun komanda yoldaşı – 343 xala malik Valtteri Bottas qapayır.

Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 546.5 xal var. İkinci pillədəki “Red Bull”un isə 541.5 xalı var. 297.5 xalı olan “Ferrari” də üçüncü pillədə qərarlaşıb.

Formula 1 üzrə dünya çempionatında 2021 mövsümünün növbəti – sayca 21-ci qran-prisi Səudiyyə Ərəbistanında baş tutacaq. Sözügedən qran-pri dekabrın 5-də keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 351.5
  2. Luis Hamilton (Mersedes) – 343.5
  3. Valtteri Bottas (Mersedes) – 203
  4. Serxio Peres (Red Bull) – 190
  5. Lando Norris (Maklaren) – 153
  6. Şarl Lekler (Ferrari) – 152
  7. Karlos Sayns (Ferrari) – 145.5
  8. Daniel Rikkardo (Maklaren) – 105
  9. Pyer Qasli (Alfa Tauri) – 92
  10. Fernando Alonso (Alpine-Reno) – 77

Konstruktorların xal sıralaması:

  1. Mersedes – 546.5
  2. Red Bull – 541.5
  3. Ferrari – 297.5
  4. Maklaren-Mersedes – 258
  5. Alpine-Reno – 137
  6. Alfa Tauri-Honda – 112
  7. Aston Martin – 77
  8. Uilyams – 23
  9. Alfa Romeo – 11
  10. Haas-Ferrari – 0