Formula 1: Şarl Lekler 3-cü zəfərinə sevindi

Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 19-cu qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Amerika Birləşmiş Ştatlarında təşkil olunub.

Texas ştatının Austin şəhərindəki yarışda “Ferrari”nin sürücüsü Şarl Lekler hamıdan sürətli olub. O, 56 dövrəlik yarışı birinci sırada yekunlaşdırıb. Bu, Leklerin cari mövsümdə 3-cü, karyerası ərzində 8-ci qələbəsidir. Bundan əvvəl monakolu sürücü Monako və İtaliya qran-prilərində finiş xəttini birinci keçmişdi.

Çempionatın lideri, ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen bu dəfəki yarışı üçüncü sırada bitirib. Leklerin komanda yoldaşı Karlos Sayns da ikinci yeri tutub.

19 turdan sonra 354 xala malik Maks Ferstappen hələ də vahid liderdir. Lando Norris 297 xalla 2-ci, Şarl Lekler isə 275 xalla 3-cü sırada qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 544 xalla zirvədə qərarlaşıb. “Red Bull” 504 xalla ikinci sırada qərarlaşıbsa, “Ferrari” 496 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 20-ci qran-prisi Meksikada keçiriləcək. Sözügedən yarış oktyabrın 27-də Mexiko şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 354
  2. Lando Norris (Maklaren) – 297
  3. Şarl Lekler (Ferrari) – 275
  4. Oskar Piastri (Maklaren) – 247
  5. Karlos Sayns (Ferrari) – 215
  6. Luis Hamilton (Mersedes) – 177
  7. Corc Rassell (Mersedes) – 167
  8. Serxio Peres (Red Bull) – 150
  9. Fernando Alonso (Aston Martin) – 62
  10. Niko Hulkenberq (Haas) – 29
  11. Lens Stroll (Aston Martin) – 24
  12. Yuki Tsunoda (Rasinq Bulls) – 22
  13. Aleksander Albon (Uilyams) – 12
  14. Daniel Rikkardo (Rasinq Bulls) – 12
  15. Kevin Maqnussen (Haas) – 8
  16. Pyer Qasli (Alpin) – 8
  17. Oliver Berman (Ferrari) – 7
  18. Franko Kolapinto (Uilyams) – 5
  19. Esteban Okon (Alpin) – 5
  20. Liam Louson (Rasinq Bulls) – 2
  21. Jou Quanyu (Zauber) – 0
  22. Loqan Sarcent (Uilyams) – 0
  23. Valtteri Bottas (Zauber) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 544
  2. Red Bull – 504
  3. Ferrari – 496
  4. Mersedes – 344
  5. Aston Martin – 86
  6. Haas – 38
  7. Rasinq Bulls – 36
  8. Uilyams – 17
  9. Alpin – 13
  10. Zauber – 0