Bakıda təşkil olunmuş Formula 1 üzrə dünya çempionatının 17-ci mərhələsində – Azərbaycan qran-prisində sıralama turu başa çatıb.
Arena.az xəbər verir ki, 10 komanda arasında “Ferrari” pilotu Şarl Lekler sıralama turunu birinci pillədə başa vurub.
O, artıq 4-cü dəfədir ki, Bakıda keçirilən sıralama turunun qalibi olur. Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunu ilk sırada başa vurmuşdu.
Bu mövsüm sonrakı yerlərdə “Maklaren” komandasının pilotu Oskar Piastri və “Ferrari” komandasının pilotu Karlos Sayns qərarlaşıblar.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan qran-prisinə sentyabrın 15-də baş tutacaq əsas yarışla yekun vurulacaq. Yarışın ilk günündə – ötən gün və bu gün sərbəst yürüşlər təşkil olunub.
Birinci sərbəst yürüşdə ən yaxşı nəticəni “Red Bull” komandasının pilotu Maks Verstappen göstərib. Sonrakı yerlərdə “Mercedes” komandasının pilotu Luis Hamilton və “Red Bull” komandasının digər pilotu Serxio Peres qərarlaşıb.
İlk sərbəst yürüşdə “Ferrari”nin pilotu Şarl Lekler qəza törədib. Onun idarə etdiyi bolid baryerə çırpılıb. Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb. Leklerin avtomobili trasdan çıxarılıb.
“Uilyams”ın pilotu Franko Kolapinto da ilk sərbəst yürüşdə uğursuzluqla üzləşib. Onun idarə etdiyi bolid birinci baryerə çırpılıb və nəticədə qırmızı bayraq qaldırılıb. Kolapintonun avtomobili trasdan çıxarıldıqdan sonra yarış davam edib.
Ötən günə təsadüf edən ikinci sərbəst yürüşdə “Ferrari”nin pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Serxio Peres ikinci, “Mercedes”dən Luis Hamilton üçüncü olub. İkinci sərbəst yürüş qəzasız ötüşüb.
Bu gün baş tutan üçüncü sərbəst yürüşdə isə ən yaxşı nəticəni “Mercedes” pilotu Corc Rassell göstərib. “Ferrari”dən Şarl Lekler ikinci, “Maklaren”dən Lando Norris üçüncü olub. Üçüncü sərbəst yürüş zamanı “Haas” komandasının pilotu Oliver Berman qəza törədib. Gənc sürücünün idarə etdiyi bolid səddə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb. Onun avtomobili trasdan çıxarılıb. “Alpin”in pilotu Esteban Okon da uğursuzluqla üzləşib. Sürücünün bolidində problem aşkarlanıb. Onun avtomobili trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib.