Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 16-cı qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri İtaliyada təşkil olunub.
Montsa şəhərindəki yarışda “Ferrari”nin sürücüsü Şarl Lekler hamıdan sürətli olub. O, 53 dövrəlik yarışı 1:14:40.727 göstərici ilə birinci sırada yekunlaşdırıb. Bu, Leklerin cari mövsümdə 2-ci, karyerası ərzində 7-ci qələbəsidir.
Çempionatın lideri, ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen bu dəfə ümumiyyətlə podiuma buraxılmayıb. Bundan əvvəlki Niderland qran-prisinin qalibi olmuş Lando Norris (Maklaren) İtaliyada 3-cü yerlə kifayətlənib. Onun komanda yoldaşı Oskar Piastri isə 2-ci yeri tutub.
16 turdan sonra 303 xala malik Maks Ferstappen hələ də vahid liderdir. Lando Norris 241 xalla 2-ci, Şarl Lekler 217 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda da “Red Bull” 446 xalla vahid liderdir. “Maklaren” 438 xalla ikinci sırada qərarlaşıbsa, “Ferrari” 407 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 17-ci qran-prisi Azərbaycanda keçiriləcək. Sözügedən yarış sentyabrın 15-də Bakı şəhərində baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 303
- Lando Norris (Maklaren) – 241
- Şarl Lekler (Ferrari) – 217
- Oskar Piastri (Maklaren) – 197
- Karlos Sayns (Ferrari) – 184
- Luis Hamilton (Mersedes) – 164
- Serxio Peres (Red Bull) – 143
- Corc Rassell (Mersedes) – 128
- Fernando Alonso (Aston Martin) – 50
- Lens Stroll (Aston Martin) – 24
- Niko Hulkenberq (Haas) – 22
- Yuki Tsunoda (Rasinq Bulls) – 22
- Daniel Rikkardo (Rasinq Bulls) – 12
- Pyer Qasli (Alpin) – 8
- Oliver Berman (Ferrari) – 6
- Kevin Maqnussen (Haas) – 6
- Aleksander Albon (Uilyams) – 6
- Esteban Okon (Alpin) – 5
- Jou Quanyu (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
- Franko Kolapinto (Uilyams) – 0
- Valtteri Bottas (Zauber) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 446
- Maklaren – 438
- Ferrari – 407
- Mersedes – 292
- Aston Martin – 74
- Rasinq Bulls – 34
- Haas – 28
- Alpin – 13
- Uilyams – 6
- Zauber – 0