Formula 1: Türkiyə qran-prisinin qalibi bəlli oldu

Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – Türkiyə qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 16-cı mərhələsi “Mersedes”in pilotu Valtteri Bottasın qələbəsiylə yekunlaşıb.

Finlandiyadan olan pilot “İstanbul Park” avtodromunda keçirilən yarışda 1:31:04.103 göstərici ilə birinci olub. Bu onun cari mövsümdəki ilk qələbəsidir.

“Red Bull”un pilotu Maks Ferstappen 14 saniyəlik fərqlə ikinci yeri tutub. Hansı ki, o, Rusiyada baş tutan bundan əvvəlki qran-pridə də ikinci yerlə kifayətlənmişdi. Ferstappenin komanda yoldaşı Serxi Peres isə üçüncü yeri tutub.

Mövsümün geridə qalan 16 qran-prisinin yekununa əsasən, Maks Ferstappen turnir cədvəlində 262.5 xalla zirvədə qərarlaşıb. Türkiyə qran-prisini 5-ci sırada tamamlayan “Mersedes”in pilotu Luis Hamilton 256.5 xalla ikincidir. İlk üçlüyü 177 xala malik Valtteri Bottas qapayır.

Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 433.5 xal var. İkinci pillədəki “Red Bull”un isə 397.5 xalı var. 240 xalı olan “Maklaren” isə üçüncü pillədə qərarlaşıb.

Formula 1 üzrə mövsümün növbəti – sayca 17-ci qran-prisi Amerika Birləşmiş Ştatlarında baş tutacaq. Sözügedən qran-pri oktyabrın 24-də keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 262.5
  2. Luis Hamilton (Mersedes) – 256.5
  3. Valtteri Bottas (Mersedes) – 177
  4. Lando Norris (Maklaren) – 145
  5. Serxio Peres (Red Bull) – 135
  6. Karlos Sayns (Ferrari) – 116.5
  7. Şarl Lekler (Ferrari) – 116
  8. Daniel Rikkardo (Maklaren) – 95
  9. Pyer Qasli (Alfa Tauri) – 74
  10. Fernando Alonso (Alpine-Reno) – 58

Konstruktorların xal sıralaması:

  1. Mersedes – 433.5
  2. Red Bull – 397.5
  3. Maklaren-Mersedes – 240
  4. Ferrari – 232.5
  5. Alpine-Reno – 104
  6. Alfa Tauri-Honda – 92
  7. Aston Martin – 61
  8. Uilyams – 23
  9. Alfa Romeo – 7
  10. Haas-Ferrari – 0