Formula 1 üzrə yeni dünya çempionu – Maks Ferstappen!

Bu gün Formula 1 üzrə 2021 mövsümünün sonuncu – Əbu-Dabi qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 21-ci mərhələsi “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb.

Niderlandlı pilot Birləşmiş Ərəb Əmirliklərindəki “Yas Marina” avtodromunda keçirilən 58 dövrəlik yarışda 1:30:17.345 göstərici ilə birinci olub. Bu, onun mövsümdəki 10-cu, karyerasındakı 60-cı belə zəfərdir.

Son tura Maks Ferstappenlə eyni xalda daxil olan, bu qran-pridə də uzun müddət birinci olan “Mersedes”in britaniyalı pilotu Luis Hamilton isə bu dəfə ikinci yerlə kifayətlənib. İlk “üçlüy”ü “Ferrari”nin pilotu Karlos Sayns qapayıb.

Beləliklə, mövsümün geridə qalan 21 qran-prisinin yekununa əsasən, Maks Ferstappen dünya çempionu olub. O, yekun turnir cədvəlində 395.5 xalla birinci olub. Luis Hamilton isə 387.5 xalla ikinci yeri tutub. İlk üçlüyü Hamiltonun komanda yoldaşı – 226 xala malik Valtteri Bottas qapayıb.

Konstruktorların mübarizəsində isə “Mersedes” birinci olub. Bu komanda mövsümü 613.5 xalla ilk sırada bitirib. “Red Bull” 585.5 xalla ikinci yerlə kifayətlənib. 323.5 xalı olan “Ferrari” də üçüncü pillədə qərarlaşıb.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünə gələn ilin 20 martına start veriləcək. İlk qran-pri Bəhreyndə keçiriləcək. Azərbaycan qran-prisi isə iyunun 12-də baş tutacaq.

Pilotların yarışında yekun turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 395.5 xal
  2. Luis Hamilton (Mersedes) – 387.5
  3. Valtteri Bottas (Mersedes) – 226
  4. Serxio Peres (Red Bull) – 190
  5. Karlos Sayns (Ferrari) – 164.5
  6. Lando Norris (Maklaren) – 160
  7. Karles Lekler (Ferrari) – 159
  8. Daniel Rikardo (Maklaren) – 115
  9. Pyer Qasli (Alfa Tauri) – 110
  10. Fernando Alonso (Alpine-Reno) – 81
  11. Esteban Okon (Alpine-Reno) – 74
  12. Sebastyan Fettel (Aston Martin) – 43
  13. Lens Stroll (Aston Martin) – 34
  14. Yuki Tsunoda (Alfa Tauri) – 32
  15. Corc Rassell (Uilyams) – 16
  16. Kimi Raykkonen (Alfa Romeo) – 10
  17. Nikolas Latifi (Uilyams) – 7
  18. Antonio Covinassi (Alfa Romeo) – 3
  19. Mik Şumaxer (Haas) – 0
  20. Robert Kubiça (Alfa Romeonun ehtiyat pilotu) – 0
  21. Nikita Mazepin (Haas) – 0

Konstruktorların xal sıralaması:

Mersedes – 613.5
Red Bull – 585.5
Ferrari – 323.5
Maklaren – 275
Alpine-Reno – 155
Alfa Tauri – 142
Aston Martin – 77
Uilyams – 23
Alfa Romeo – 13
Haas-Ferrari – 0

Xəbəri sosial şəbəkələrdə paylaş: