Fran Qarsiya rəsmən “Real”da!

İspaniyanın “Real” (Madrid) klubu heyətini “Rayo Valyekano”da çıxış edən sabiq futbolçusu Fran Qarsiya ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb. 23 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

Fran Qarsiya məhz Madrid “Real”ının yetirməsidir. O, 2013-cü ildən 2020-ci ilə qədər bu klubun aşağı yaş qrupları üzrə komandalarında, eləcə də əvəzedicisi sayılan “Kastilya”da forma geyinib. 2020-ci ilin sentyabrında isə gənc futbolçu icarə əsasında “Rayo Valyekano”ya keçib. 2021-ci ilin yayında “Rayo Valyekano” 2 milyon avro ödəməklə Franın transfer hüquqlarını da alıb. Müdafiəçi bu komandanın heyətində bütövlükdə 122 oyuna çıxıb, 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Madridlilərin Fran Qarsiyanı geri almasına futbolçunun geridə qalmış mövsüm ərzində göstərdiyi keyfiyyətli oyunu səbəb göstərilir. Fran Qarsiya La Liqa çərçivəsində keçirilmiş oyunlarda toplam 3408 dəqiqə meydanda olub ki, bu göstərici meydanda olan bütün futbolçular arasında ən yüksək nəticədir. Üstəlik, Qarsiya “Real”ın əzəli rəqibləri – “Barselona” və “Atletiko”nun hərəsinə bir qol vurmağı bacarıb. Müdafiəçinin hesabında 3 məhsuldar ötürməsi də var. Ümumilikdə geridə qalmış mövsüm ərzində Fran Qarsyia 40 oyunda “Rayo”nun heyətində meydana çıxıb.

“Transfermarkt” internet-portalı müdafiəçini 10 milyon avro məbləğində qiymətləndirir. “Kral klubu” hələ 2021-ci ildə Fran Qarsiya “Rayo”ya transfer edilərkən, futbolçunun müqaviləsində geri satın alınacağı halda, transfer məbləğinin yarını ödəmək maddəsini əlavə edib. Odur ki, “qaymaqlılar” “Rayo”ya 5 milyon avro ödəyəcəklər.

Qarsiya İspaniyanın U-19 və U-21 yığmalarında da oynayıb, əsas millidə isə debüt şansı qazanmayıb.