Françesko Açerbi 10 oyunluq diskvalifikasiya ala bilər

“İnter”in italyan mərkəz müdafiəçisi Françesko Açerbi İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğunda ifadə verib.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Açerbi martın 17-də İtaliya A Seriyasının 29-cu turunun “İnter” – “Napoli” oyununda (1:1) rəqibin braziliyalı mərkəz müdafiəçisi Juan Jezusla aralarında baş vermiş qarşıdurma zamanı Juanı irqi zəmində təhqir etməsi ittihamı ilə bağlı ifadə verib. Açerbinin ifadəsi bir saatdan da az vaxt aparıb, izahat vermiş Françesko sərbəst buraxılıb.

Hazırda Açerbi ilə bağlı qərar verilməsə də, təqsiri sübuta yetirilərsə, Açerbinin 10 və daha arıtq oyunluq diskvalifikasiya edilə biləcəyi vurğulanır.

Xatırladaq ki, mümkün irqi təhqir səbəbilə Açerbi qarşıdakı beynəlxalq yoldaşlıq oyunları üçün İtaliya yığmasının heyətindən kənarlaşdırılıb. Françesko bu məqama münasibətini açıqlayaraq, heç bir irqi təhqirə yol vermədiyini bildirib. Ardınca isə hadisənin iştirakçısı Juan Jezus dilə gələrək, Açerbinin mövqeyini təkzib edib. Braziliyalı futbolçu Açerbinin meydanda onu irqi zəmində təhqir etdiyini, sonra hakimin iştirakı ondan üzr istədiyini bildirib. Juan Jezus vurğulayıb ki, bütün bunların ardından Açerbinin yalan danışaraq, irqi təhqirə yol vermədiyini bildirməsi qarşılığında, ona deyəcək sözü yoxdur.

Françesko Açerbi futbola “Paviya” klubunda qədəm qoyub. Müdafiəçi karyerası ərzində “Recina”, “Cenoa”, “Kyevo Verona”, “Milan”, “Sassuolo”, “Latsio” və “İnter”də çıxış edib.

“İnter” Açerbini 2023-cü ilin iyulunda “Latsio”dan 4 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Açerbinin “İnter”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Açerbi “neradzurri”inin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Françesko Açerbinin klub qənimətləri muzeyində “Latsio” (2018/2019) və “İnter”lə (2022/2023) qazandığı İtaliya Kuboku, həmçinin “Latsio” (2019/2020) və “İnter”lə (2022/2023, 2023/2024) qazandığı İtaliya Super Kuboku var.

Françesko Açerbi 2014-cü ilin noyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 34 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı italyan müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.