Françesko Açerbi İtaliya yığmasının heyətindən xaric edildi

“İnter”in mərkəz müdafiəçisi Françesko Açerbi qarşıdakı beynəlxalq yoldaşlıq oyunları üçün İtaliya yığmasının heyətindən kənarlaşdırılıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, Açerbi “Napoli”nin braziliyalı mərkəz müdafiəçisi Juan Jezusun ünvanına irqi fikirlər səsləndirməkdə şübhəli bilinir.

Belə ki, martın 17-də İtaliya A Seriyasının 29-cu turunun “İnter” – “Napoli” oyununda (1:1) Açerbi ilə Jezus arasında qarşıdurma baş verib və bu zaman Françesko braziliyalı müdafiəçini irqi zəmində təhqir edib.

Açerbi bu xüsusda öz mövqeyini bildirib:

“Mən heç vaxt irqçi ifadələr işlətməmişəm, çox sakitəm. Mən 20 ildir futbol oynayıram və nə danışdığımı bilirəm. Meydanda çox şey olur, oyun zamanı çox şey demək olar. Fitdən sonra əl sıxırıq – və əvvəlki kimi dostuq. Dünyanın heç bir yerində irqçilik olmamalıdır. Milli komandanı tərk etməli olduğum üçün məyusam. Komanda yoldaşlarımdan hər hansı biri ilə danışmışammı? Xeyr”, – jurnalist Canluka Di Marsio öz rəsmi saytında veteran müdafiəçi Açerbidən sitat gətirir.

Françesko Açerbi futbola “Paviya” klubunda qədəm qoyub. Müdafiəçi karyerası ərzində “Recina”, “Cenoa”, “Kyevo Verona”, “Milan”, “Sassuolo”, “Latsio” və “İnter”də çıxış edib.

“İnter” Açerbini 2023-cü ilin iyulunda “Latsio”dan 4 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Açerbinin “İnter”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Açerbi “neradzurri”inin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Françesko Açerbinin klub qənimətləri muzeyində “Latsio” (2018/2019) və “İnter”lə (2022/2023) qazandığı İtaliya Kuboku, həmçinin “Latsio” (2019/2020) və “İnter”lə (2022/2023, 2023/2024) qazandığı İtaliya Super Kuboku var.

Françesko Açerbi 2014-cü ilin noyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 34 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı italyan müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.