İtalyan futbolunun əfsanəsi, “Roma”nın keçmiş hücumçusu və kapitanı Françesko Totti maraqlı açıqlamsı ilə diqqət çəkib.
Arena.az jurnalist Nikolo Skiraya istinadən məlumat verir ki, Totti hazırda futbol oynayacağı halda, dünyanın ən yaxşısı ola biləcəyini bildirib:
“Əgər mən bu gün oynasaydım, onda dünyada ən yaxşısı olardım. Mən, Tottinin ən yaxşı halında, Avropada özümdən güclü futbolçunu təsəvvür edə bilmirəm”, deyə Totti vurğulayıb.
Françesko Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın uğurları üçün çalışıb. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.
Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.
Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.
Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.
Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.


