Françesko Totti: “Bu, məni bir az dəli olmağa sövq etdi”

“Roma”nın əfsanəvi hücumçusu və kapitanı, keçmiş futbolçu Françesko Totti 48 yaşında meydana qayıdacağını istisna etməyib.

Arena.az “Calcio e Finanza” dərgisinə istinadən, “canavarlar”ın əfsanəsinin bu barədə fikrini təqdim edir:

“Son vaxtlar mənimlə əlaqə saxlayırlar. Həyatda heç vaxt “heç vaxt” deyə bilməzsən! Keçmişdə harada olmasından asılı olaraq, karyeralarını bitirdikdən bir neçə il sonra meydana qayıtmış oyunçular olublar. A Seriyasında oynamaq üçün isə, mən çox yaxşı məşq etməliyəm.

Bu yaxınlarda A Seriyasının bəzi klubları mənimlə maraqlanıblar. Bu, bir ay əvvəl baş vermişdi və məni bir az dəli olmağa sövq etdi, azacıq da narahat etdi. Özümdən soruşdum ki: “Niyə bu qədər il keçsə də, hələ də mənimlə maraqlanırlar?”. Bir neçə aydan sonra mən hazır olardım”, deyə Totti sirli bir həvəslə bildirib.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Françesko Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.