Françesko Totti: “De Rossi əla məşqçi olduğunu sübut edir”

“Roma”nın sabiq hücumçusu, əfsanəvi Françesko Totti “canavarlar”ın baş məşqçisi Daniele De Rossinin işindən danışıb.

Arena.az xatırladır ki, cari ilin yanvarında “Roma”nın sükanı arxasına keçmiş italyan mütəxəssis bütün yarışlarda “canavarlar”la 14 oyun keçirib, 10 qələbə, 2 heç-heçə mənzərəsində 2 dəfə məğlubiyyət acısı yaşayıb.

“Mən Danielenin dərhal bu qədər yaxşı çıxış edəcəyini gözləmirdim, amma həqiqətən buna inanırdım. O, əla məşqçi olduğunu sübut edir. Ümidvaram ki, bu, davam edəcək. “Roma”da işləmək asan deyil. O, özünün ən yaxşı keyfiyyətlərini nümayiş etdirdi. Daniele şəhəri, azarkeşləri, klubu çox yaxşı tanıyır. O, bütün bunları birləşdirməyi bacarır ki, oyunçular mütləq sakitlik və özünəinamla çıxış etsinlər.

Avropa Liqasında “Milan”la oyun? Bu komandanın işləri yaxşı gedir, amma qarşılaşma əla olacaq. Ümidvaram ki, “Roma” yarışın növbəti mərhələsinə yüksələcək. Bu, artıq komandanın bir vaxtlar olduğu “Milan” deyil”, – Françesko Totti bildirib.

Xatırladaq ki, De Rossi “canavarlar”ın sükanı arxasında yanvarın 16-da gözlənilmədən portuqal mütəxəssis Joze Mourinyonu əvəz etmişdi. “Canavarlar” bu mövsüm İtaliya çempionatında 29 oyuna topladıqları 51 xalla 5-ci pillədə qərarlaşıblar.

De Rossi Mourinyonun başladığı işi layiqincə davam etdirir. Artıq qeyd etdiyimiz kimi, İtalyan mütəxəssis “Roma”nı 14 oyuna çıxarıb, 10 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyət acısı yaşayıb. “Canvarlar”ın top fərqi isə 33:16 nisbətindədir.

2021-ci ilin martında De Rossi AÇ-2020-nin sonuna qədər texniki köməkçi vəzifəsini tutaraq, İtaliya yığmasında Roberto Mançininin məşqçilər qərargahında olub. İtaliya yığması AÇ-2020-də qələbə qazanıb. 2021-ci ilin avqustunda De Rossi milli komandanın məşqçilər qərargahından istefa verdiyini açıqlayıb və 2022-ci ilin oktyabrında müstəqi məşqçilik karyerasına başlayıb. De Rossi B Seriyasının təmsilçisi SPAL-ın sükanı arxasına keçib.

De Rossi 2002-2019-cu illərdə “Roma”da çıxış edib. Bu müddət ərzində dayaq yarımmüdafiəçisi bütün yarışlarda “canavarlar”ın heyətində 626 oyunda iştirak edib, 63 qol vurub, 60 məhsuldar ötürmə vedib.

“Roma” azarkeşləri De Rossini Françesko Totti ilə bərabər klubun canlı əfsanəsi adlandırırlar.