Françesko Totti karyerasını bu kluba görə bərpa edə bilər

İtaliya yığmasının və “Roma”nın əfsanəsi, keçmiş hücumçu Françesko Totti yenidən öz futbolçu karyerasını bərpa edə bilər.

Arena.az “La Repubblica” dərgisinə istinadən məlumat verir ki, daha əvvəl bu mövzuda müsahibə verərək futbola oyunçu kimi qayıdışını istisna etməyən Tottiyə təklif ünvanlanmış klub məlum olub.

Mənbənin məlumatına görə, “canavarlar”ın əfsanəsinə İtaliya A Seriyasının təmsilçisi, ispan mütəxəssis Sesk Fabreqasın çalışdırdığı “Komo” təklif ünvanlayıb. “Komo” Tottiyə cari mövsümün sonuna qədər müqavilə təklif edir.

Bu mənzərədə əfsanəvi keçmiş futbolçu yaşıl meydanlara qayıdışı ilə bağlı mövzuya bir daha toxunub:

“Bu, zarafat deyil, mən təklifləri ciddi qəbul etdim. Gəlin görək, gələn il nə olacaq”, – “Sport Mediaset” dərgisi Tottidən sitat gətirir.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Françesko Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.