Françesko Totti: “Roma” qalib olmaq istəyirsə…”

İtalyan futbolunun əfsanəsi, “Roma”nın keçmiş hücumçusu Françesko Totti “canavarlar”ın sükanı arxasına namizəd haqda fikrini bildirib.

Arena.az “La Gazzetta dello Sport” nəşrinə istinadən, Tottinin müvafiq açıqlamasını təqdim edir:

“Yeni baş məşqçi? “Roma” onu artıq seçib, əgər qalib gəlmək istəyirsinizsə, sizə yüksək səviyyəli mütəxəssis gərəkdir, Massimiliano Alleqri kimisi”, deyə Totti vurğulayıb.

Françesko həmçinin “canavarlar”ın keçmiş baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyonun Romada olması haqda xəbəri şərh edib:

“Can Pyero Qasperinin, Mauritsio Sarrinin və ya Massimiliano Alleqrinin adları üç ay ərzində xatırlanıb. Biz klubun qəbul edəcəyi qərarın intizarındayıq, ardınca isə bunun doğru və ya yanlış olduğunu qiymətləndirəcəyik. Joze Mourinyo? Bu, məndən asılı deyil. Mənim üçün o, dünyada ən yaxşılardan biridir, amma o, Romada məzuniyyətdədirsə, bu, onun kluba qayıdacağı demək deyil”, deyə Françesko Totti vurğulayıb.

Xatırladaq ki, cari mövsümün başa çatması ilə 73 yaşlı italyan qocaman mütəxəssis Klaudio Ranyeri “canavarlar”ın sükanını təhvil verib təqaüdə yollanacaq. “Roma“ rəhbərliyi isə hazırda yeni baş məqşçi axtarışındadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: