Frank De Blekere Cavid Cəlilovu haqlı çıxardı

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere “Qarabağ” – “Turan Tovuz” oyunundakı mübahisəli epizodla bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının 20-cu turu çərçivəsində keçirilmiş bu qarşılaşmanın 89-cu dəqiqəsində Tovuz təmsilçisinin vurduğu qolla bağlı danışıb.

Frank De Blekere qolun qaydalar çərçivəsində vurulduğunu söyləyib:

“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un oyunçusu Kauan Martinsin önünə düşür və o, fərqlənir. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınıb”.

Xatırladaq ki, “Turan Tovuz” rəqibini 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın son dəqiqələrinə kimi 1:0 öndə olan Ağdam təmsilçisi son dəqiqələrdə buraxdığı qollar nəticəsində xalsız qalıb. Matçdan sonra baş tutan mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hakimlikdən narazılığını dilə gətirib.

Onu da qeyd edək ki, “Qarabağ” – “Turan Tovuz” matçının baş hakimi Cavid Cəlilov olub. Ona yan xətt hakimləri Müslüm Əliyevlə Eyyub İbrahimov kömək ediblər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirib. VAR-da isə Əliyar Ağayevlə Zeynal Zeynalov çalışıblar.