Fransanın “Brest” klubunun sağ cinah vingeri Frank Honorat Almaniyanın “Borussiya” (Mönhenqladbah) komandasına transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Almaniya klubu bu transfer üçün Liqa 1 təmsilçisinə 8 milyon avro ödəyib. 26 yaşlı fransız futbolçu ilə də 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Honoratın 9 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
Frank Honorat “Nitsa”nın yetirməsidir. O, ölkəsində “Soşo”, “Klermon”, “Sent Etyen” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Brest”də çıxış edən vinger bu komandada 109 oyuna 25 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Honoratı satan “Brest” “Sent Etyen”dən icarəyə götürdüyü yarımmüdafiəçi Mahdi Kamaranın da transfer hüquqlarını alıb. Liqa 1 təmsilçisi bunun üçün 3 milyon avrosundan keçib. 25 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır. O, geridə qalan mövsümdə “Brest”də meydana çıxdığı 33 oyunda 2 qol və 1 assistlə yadda qalıb. Kamara “Sent Etyen”dən başqa “Laval”da da forma geyinib.
Sağ cinah müdafiəçisi Noa Fadiqa və yarımmüdafiəçi Haris Belkebla isə “Brest”i tərk ediblər. Onların hər ikisinin klubla müqaviləsi bitib və azad agentə çevriliblər. “Brügge”nin yetirməsi olan, “Herakles Almelo” və “Volendam”da da oynamış 23 yaşlı Fadiqa “Brest”də 22 oyuna 1 qol vurub. Əlcəzair yığmasının da üzvü olan, “Valensyen” və “Tur”da da oynamış 29 yaşlı Belkebla isə “Brest”də 167 oyun keçirib, 3 qol vurub.
Yeri gəlmişkən, “Brest” baş məşqçisi Erik Roy ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 55 yaşlı mütəxəssis yeni sözləşməyə əsasən 2025-ci ilin 30 iyununa qədər Liqa 1 klubunda qalacaq. O, bu ilin yanvarından çalışdırdığı “Brest”i indiyə qədər 23 oyuna çıxarıb. Komanda bu oyunlarda 9 qələbə qazanıb, 7 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Fransalı mütəxəssis vaxtilə “Nitsa”ya da rəhbərlik edib.


