Futbol üzrə Almaniya yığma komandasının və “Bayern”in əfsanəvi mərkəz müdafiəçisi Frans Bekkenbauer dünyasını dəyişib.
Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.
Bekkenbauerin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir. Məlumatı onun ailə üzvləri təsdiqləyiblər.
Xatırladaq ki, Bekkenbauerin səhhəti ötən ilin sentyabr ayında pisləmişdi. Bu üzdən də o, xəstəxana şəraitində müalicə olunurdu.
Frans Bekkenbauerin qardaşı Valter Bekkenbauer də bir müddət öncə sabiq müdafiəçinin səhhəti barədə danışmış və onun vəziyyətinin yaxşı olmadığını bildirmişdi: “Onun səhhətində hər şeyin qaydasında olduğunu desəm, yalan danışmış olaram və yalan danışmaq istəmirəm. Xeyr, orada heç də hər şey yaxşı deyil”, deyə Valter kədərlə bildirmişdi.
Qeyd edək ki, əfsanəvi müdafiəçi 78 yaşında dünyasını dəyişib.
Futbol dünyasının məşhur simasının vəfatı ilə əlaqədar Almaniya Futbol İttifaqı (DFB), Almaniya yığması, “Bayern” və FIFA başda olmaqla əksər futbol klubları və futbol adamları Bekkenbauerin ailəsinə başsağlı ünvanlayıblar.
Bekkenbauer futbolçu karyerası ərzində “Bayern”, “Hamburq” və ABŞ-ın “Nyu York Kosmos” klubunda çıxış edib. Ümumilikdə, Bekkenbauer klub səviyyəsində bütün turnirlərdə 620 oyun keçirib, 74 qol vurub və 75 məhsuldar ötürmə verib.
Frans Bekkenbauer qeyd-şərtsiz Almaniya futbolunun əfsanəsi hesab edilir. O, Almaniya yığmasının heyətində 103 oyuna 14 qol, 10 məhsuldar ötürmə ilə fərlənib.
Bekkenabauer Almaniya Bundesliqasının beşqat, Avropa Çempionlar Kubokunun üçqat, “Qızıl top”un ikiqat, 1972-ci il Avropa Çempionatının, 1974-cü il FIFA Dünya Kubokunun qalibidir. Baş məşqçi kimi Frans Bekkenbauer UEFA Kubokunu, Fransa çempionatını, Almaniya Bundesliqasını qazanıb və 1990-cı ildə Almaniya yığmasına dünya çempionu adını qazandırıb.