Noyabrın 14-də baş tutacaq UEFA Millətlər Liqasının Fransa – İsrail oyunu “son dərəcə gücləndirilmiş” təhlükəsizlik şəraitində keçəcək.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, “Stad de Frans”da baş tutacaq bu oyuna dair Paris polisinin prefekti Loran Nunyes məlumat verib.
Loran Nunyes “Apolline Matin” proqramında bildirib ki, oyunun keçirilməsinə qərar yalnız “böyük sayıqlıq və son dərəcə gücləndirilmiş təhlükəsizlik sistemi” sayəsində mümkün olub. Polis perfekti izah edib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən oyun çox ciddi müşahidə və nəzarət altında olacaq:
“Mövcud coğrafi-siyasi məzmunda bu, açıq-aydın yüksək riskli oyundur, amma adi bir şəraitdə oynanılacaq. Belə ki, görüşün əvvəlcədən planlaşdırıldığı kimi “Stad de Frans”da baş tutması qərara alınıb.
Bu barədə daxili işlər naziri Bryuno Retayo ilə danışmışıq. Stadionun həm xaricində, həm də daxilində narahatlıqlardan sığortalanıb onların qarşısını almaq üçün, çox yüksək ölçülərə cavab verən son dərəcə gücləndirilmiş təhlükəsizlik sistemi təşkil ediləcək. İnsanların əraziyə təhlükəsiz daxil olmasını təmin etmək məqsədilə hərtərəfli axtarışlar aparılacaq, stadionun xaricində və daxilində isə geniş təhlükəsizlik tədbirləri həyata keçiriləcək”, deyə Loran Nunyes bildirib.
Xatırladaq ki, Fransa – İsrail oyunu UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
4 turdan sonra Fransa yığması UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun yarış cədvəlində 9 xalla 2-ci pillədə qərarlaşıb. Qrupa 10 xalla İtaliya yığması başçılıq edir. Belçika yığması 4 xalla 3-cü pillədə yer alıb. Xalsız İsrail yığması isə qrupun qapazaltısıdır.



