Fransa prezidenti Emmanuel Makron PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe haqda söhbət açıb.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Makron Qətər əmiri Təmim bin Həməd Əl-Taninin Fransaya rəsmi səfəri münasibətilə Yelisey Sarayında təşkil edilmiş mərasimdə, Mbappe ilə üzbəüz görüş zamanı ulduz futbolçunu PSJ ilə yayda başa çatacaq əmək müqaviləsini yeniləməyə razı salmağa çalışıb-çalışmadığı haqda sualı cavablayıb:
“Bu mövzuda heç bir müzakirə olmayıb. Bunu klub rəhbərliyinin ixtiyarına buraxıram. Ancaq bütün fransızlar və fransız qadınlar bu oyunçuya heyrandırlar”, deyə Fransa prezidenti vurğulayıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda, Mbappenin PSJ ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək niyyətində olmadığı, bundan sonra “Real”a keçmək istədiyi barədə məlumat yayılmışdı. Hücumçunun qərarı ilə bağlı artıq PSJ prezidenti və komanda yoldaşlarını da məlumatlandırdığı vurğulanır.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 32 qol vurub, 7 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.