Freddi Vudman “Liverpul”da – Rəsmi

İngiltərənin “Preston Nort End” klubunun ingilis qapıçısı Freddi Vudman bundan sonra “Liverpul”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Liverpul” rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Qırmızılar” Vudmanı azad agent kimi heyətə cəlb ediblər. Tərəflər arasında imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Tam adı Frederik Con Vudman olan qapıçı “Kristal Pelas” və “Nyukasl Yunayted” klublarının yetirməsidir. O, karyerası ərzində “Hartlpul Yunayted”, “Kilmarnok”, “Aberdin”, “Suonsi Siti”, “Bornmut” kimi klubların da formasını geyinib. 2022-ci ildən “Preston Nort End”də çıxış edən 28 yaşlı qolkiper burada 138 oyuna çıxıb, 170 qol buraxıb, 44 matçda qapısını toxunulmaz saxlayıb.

Freddi 2022/2023-ci illər mövsümündə komandasında ilin futbolçusu mükafatına layiq görülüb.

Freddi Vudman İngiltərənin U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt etmək şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı qapıçının transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: