Frenk Lempard “Everton”dan göndərildi – Gözlənilən istefa

İngiltərənin “Everton” komandasının baş məşqçisi Frenk Lempard Premyer Liqa təmsilçisindən istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisi 45 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyini açıqlayıb. Baş məşqçinin köməkçilərindən Co Edvards, Pol Klement, Eşli Koul və Kris Consun da klubu tərk etdiyi diqqətə çatdırılıb. Lempardın komandasından yalnız qapıçılar üzrə məşqçi Alan Kellinin postunda qalacağı bildirilib. Artıq yeni baş məşqçi üçün axtarışlara start verildiyi qeyd olunub. Yeni baş məşqçi təyin olunana kimi komandanı qarşıdakı oyunlara Pol Leyt və Leyton Beynsin hazırlaşdıracağı vurğulanıb.

Xatırladaq ki, Frenk Lempard 2022-ci ilin yanvarından “Everton”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 44 oyunda meydana çıxarıb. Bu görüşlərdə cəmi 12 qələbə qazanan kollektiv 8 dəfə heç-heçə edib, 24 oyunda isə məğlubiyyətə üzülüb.

Lempard daha öncə “Derbi Kaunti” və “Çelsi”də də baş məşqçi kimi çalışıb.

“Everton”da yeni baş məşqçinin kim olacağı da böyük maraqla gözlənilir. Britaniya mətbuatının iddiasına görə, komandanı bundan sonra Marselo Byelsa çalışdıracaq. Bir il öncə “Lids”dən qovulandan bəri işsiz olan Byelsa komandanı çətin vəziyyətdən çıxarmağa söz verib. 2018-22-ci illər aralığında işlədiyi “Lids”də bu bacarığının olduğunu isbatlayan argentinalı 2,5 illik müqaviləyə razılaşıb. Təyinatın tezliklə rəsmiləşməsi gözlənilir.

Bu posta Maurisio Poçettino və Mauritsio Sarri da namizəd göstərilir. Lakin Byelsa ilə danışıqların daha uğurlu alındığı iddia olunur.

“Everton” İngiltərə Premyer Liqasında bu mövsüm 20 oyuna topladığı 15 xalla 20 iştirakçısı arasında 19-cu pillədə qərarlaşıb.