“Çelsi”nin baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının başa çatan 2022/2023 mövsümündə antirekord müəllifinə çevrilib.
Arena.az xəbər verir ki, “zadəganlar” onun rəhbərliyi altında keçirdiyi oyunların heç birində qapısının toxunulmazlığını təmin edə bilməyib.
Komanda bu baş məşqçinin rəhbərliyi altında 11 oyun keçirib və onların hamısında ən azı bir qol buraxıb. Bu isə “Çelsi” tarixinin ən pis göstəricisi kimi tarixə düşüb.
Xatırladaq ki, “Çelsi” 1994-cü ildən bu yana Premyer Liqada ən pis göstəriciyə imza atıb. London nəhəngi 38 oyunda cəmi 44 xal toplamaqla 12-ci sırada qərarlaşıb. Bu göstərici isə avrokuboklardan kənarda qalmaq deməkdir. “Çelsi” son yeddi ildə ilk dəfə avrokuboklarda iştirak etməyəcək.
Premyer Liqada çempionluğu “Mançester Siti” qazanıb. “Arsenal” gümüş, “Mançester Yunayted” bürünc mükafata sahib olub.
Frenk Lempard bu il aprelin 6-da “Çelsi”nin müvəqqəti baş məşqçisi təyin edilmişdi. Onunla müqavilə iyunun 30-na qədər nəzərdə tutulub. Komanda 44 yaşlı mütəxəssisin rəhbərliyi altında cəmi 11 oyuna çıxıb, cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb. Top fərqi də böyükdür: 9-21.
Xatırladaq ki, Lempard “Çelsi”də daha öncə də baş məşqçi kimi çalışıb. O, 2019-cu ilin iyul ayından 2021-ci ilin yanvar ayına qədər bu komandanı 84 matça çıxarıb – 44 qələbə, 15 heç-heçə, 25 məğlubiyyət.