Frenki de Yonq AÇ-2024-dən kənarda qaldı

Niderland yığmasının və “Barselona”nın mərkəz yarımmüdafiəçisi Frenki de Yonq qarşıdan gələn futbol üzrə Avropa çempionatını buraxacaq.

Arena.az bu barədə Niderland yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

Bu arada, məşhur italyan jurnalist-insayder Fabritsio Romano yarımmüdafiəçinin fiziki vəziyyətinin pis olduğu üçün yarışda iştirak edə bilməyəcəyi barədə sosial şəbəkələr üzərindən məlumat yayıb. Vurğulanır ki, De Yonq Niderland yığmasına kömək etmək istədiyi, amma bacarmadığı üçün üzülür. Eyni zamanda, Frenki ayaq biləyindən aldığı zədədən hələ tam sağalmayıb və onun vəziyyətinin daha da ağırlaşa biləcəyi ehtimalı var. Bu baxımdan Frenki Niderland yığmasının düşərgəsini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi cari ilin aprel ayının sonlarında topuğundan zədə almış və futbolçunun klub mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı məlum olmuşdu. Bununla belə, mayın 29-da Niderland yığmasının mətbuat xidməti Frenki de Yonqun da yer aldığı, 2024-cü il Avropa çempionatı üçün yığmanın yekun heyətini açıqlamışdı. Göründüyü kimi, De Yonq “zanbaqlar”ın düşərgəsini tərk etməli olub.

“Kədərliyəm”

Yarımmüdafiəçi bu barədə özünün sosial şəbəkə hesabları üzərindən fikrini paylaşıb:

“Kədərliyəm, Avropa çempionatında iştirak edə bilməyəcəyim üçün məyus oldum. Son həftələr ərzində əlimizdən gələni etdik, amma təəssüf ki, topuğumun sağalması üçün daha çox vaxt gərəkdir.
Ölkənizi böyük yarışda təmsil etmək arzu və böyük şərəfdir. Narıncı rəngli forma geyinib, himni oxuyub bütün ölkənin dəstəyini hiss etmək. Amma indi mən də “narıncılar”ın bütün azarkeşləri kimi, komandamızı kənardan dəstəkləyəcəyəm. İrəli, uşaqlar”, – De Yonq dərc edib.

Öz növbəsində Niderland yığmasının baş məşqçisi Ronald Kuman da futbolçusunu itirməsinə münasibətini açıqlayıb:

“Təəssüf ki, o, üç həftədən sonra hələ də hazır deyil. Frenki daha əvvəl müvafiq zədə almışdı, ona görə də onun səhhəti barədə düşünməliyik. Onun klubu risk etmək qərarına gəldi və bunun üçün ödəməli olduğumuz qiymət budur”, – jurnalist-insayder Fabritsio Romano niderlandlı mütəxəssisdən sitat gətirir.

Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyulunda “Barselona” 86 milyon avro məbləğ müqabilində Frenki de Yonqu “blauqra”nanın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə De Yonq “Barselona”nın heyətində bütü yarışlarda 30 oyuna çıxıb, 2 qol vurub. De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 213 oyun, 17 qol, 21 məhsuldar ötürmə.

Frenki de Yonq 2018-ci ilin sentyabrında debüt etdiyi Niderland yığmasının heyətində 54 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.