“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq topuğundan aldığı zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
De Yonq La Liqanın 31-ci turunun “Real”la oyununda sıradan çıxıb. Niderlandlı futbolçu 2:3 hesabıyla uduzduqları bu matçda meydanı xərəkdə tərk edib. Onun mövsümün qalan oyunlarında komandasına kömək etməsi inandırıcı görünmür.
Niderlandlı yarımmüdafiəçi ən yaxşı halda 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının startına kimi sağalacaq. Bu üzdən də onun milli komandaya kömək edə biləcəyi gözlənilir. Niderland millisi qrupda Fransa, Polşa və Avstriya ilə qarşılaşacaq. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Niderlandın “Ayaks” klubunun futbol akademiyasının yetirməsi olan Frenki De Yonq 2019-cu ilin yayından “Barselona”da çıxış edir. O, 2023/2024 mövsümündə Kataloniya təmsilçisinin heyətində 30 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 2 qol vurub.
Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.
Frenki De Yonqun “Barselona” karyerası bütövlükdə 213 oyun, 17 qol və 21 məhsuldar ötürmədən ibarətdir. O, daha öncə “Ayaks”dan başqa “Villem II” komandasının da formasını geyinib.
Frenki De Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland milli komandasının heyətində 54 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı De Yonqu 70 milyon avro məbləğində qiymətləndirir.